Mənlə bağlı xoşagəlməz fikirlər deyirdilər” – Abbas Bağırov | wWw.Hurriyet.Com.Az

Mənlə bağlı xoşagəlməz fikirlər deyirdilər” – Abbas Bağırov

showpic_el100-1

Əməkdar artist Abbas Bağırovun “Qafqazinfo”ya müsahibəsi:

– Gənc yaşda “Əməkdar artist” adının qazanan məşhurlardansız. Bu minvalla neçə yaşda xalq artisti olmağı gözləyirsiz?

– Ümumiyyətlə, “Əməkdar artist” fəxri adını alanda gözləmirdim, gənc idim. Elə insanlar tanıyırdım ki, 40 il sənətdədirlər, amma əməkdar artist deyillər. Mən bir az utanırdım. Düşünürdüm ki, onlar hələ xalq artistləri deyil, lakin mən fəxri ad almışam. Bir az mənə birtəhər gəlirdi. Əlbəttə, mükafata layiq görülmüşəmsə, imtina etməyə ixtiyarım yoxdur. Yəqin ki, müəyyən əziyyətlərimin müqabilində məni mükafatlandırıblar. Özümü heç də passiv müğənni hesab etmirəm. Məncə, incəsənət sahəsində əziyyət çəkən bir sənətçiyəm.

– Fəxri ad bir çox məşhurların həyatına fərqlilik gətirir. Mükafatandan sonra sizin həyat və yaradıcılığınızda nə dəyişiklik oldu?

– Xasiyyətimdə heç bir dəyişiklik olmayıb. Sadəcə olaraq əvvəllər il ərzindən iki mahnı yazırdımsa, indi 10 mahnı yazıram. Ad almağım mənə stimul verdi, sənətimdə məsuliyyətli olmağımı tələb etdi. Ancaq bu tərəfdən məndə fərqlilik var, qalan hər şey yerindədir.

– Maraqlıdır ki, sizin yaradıcılığınızda ürəklə ifa etdiyiniz və sevdiyiniz mahnı hansıdır?

– Musiqiçilərin hamısı bir ağızla deyər ki, bütün mahnılarını ürəklə oxuyur. Mahnıları seçəndə qulağımla yaxşı eşidib, ürəyimlə hiss edərək diqqət edirəm, daha sonra mahnını səsləndirirəm. Nailə Mirmmədlinin bəstələdiyi “Arzular” mahnısı misal çəkə bilərəm . Əvvəl Nisə Qasımova bu mahnını ifa edib. Digər mahnı isə “Qayıtma”dır. Bu mahnını öz konsertimdə popuri şəklində ifa etmişdim. Sadaladığım iki mahnını daha çox sevirəm. Tez-tez də ifa edirəm.

– Mənə elə gəlir ki, sizin musiqi bazanızda “Aləm gözəl”in xüsusi yeri var. Musiqi parçası da yetərincə hit oldu. Ondan sonra mahnılarınız məşhurlaşa bilir, ancaq bu mahnı qədər hitə çevirilməyib. Sizcə bunun səbəbi nədir?

– “Cənnətdir Bakı” mahnısı oxuyanda sosial şəbəkələr aktual deyildi. Televiziya çeşidləri də mövcüd deyildi. Azərbaycanda indi kanallar daha çoxalıb. Bir qədər mahnını məşhur etmək üçün üsullar çoxalıb. Amma “Cənnətdir Bakı” mahnısı vaxtilə çox sevildi. “Eşqin Məhəbbəti”, “Payız gəldi”, “Balamın balası” mahnılarının da öz yeri var. “Aləm gözəldir” mahnısı üçün Türkiyəyə getdim, orada yaxşı musiqiçilərlə çalışdım. Ali Yılmaz, Hüsnü Şenlendirici, Caner Tepecik kimi şəxslərlə əməkdaşlıq etdim.

Orada məşhur aranjımançılarla çalışdım. Onlar da mahnını məşhurlaşdırmağa kömək etdilər. Hətta, Mustafa Ceceli Gəncəyə konsertə gələndə mahnıma qulaq asdı, dedi ki, oxumaq istəyirəm. Mən də söylədim ki, müəllifdən icazə alaraq oxuya bilərsiz. Bizdə isə Brilliant Dadaşova, Könül Kərimova kimi sənətçilər ifa edib, hər kəsdə bir cür alınıb. Ancaq mahnının bünövrəsini qoyan şəxs özüməm. Dinləyicilər də mahnını mənim ifamda qəbul ediblər və bu məni çox sevindirdi. Hər bir mahnının öz dinləyicisi var.

– Problem keyfiyyətli musiqi qıtlığından irəli gələ bilər?

– Əlbəttə yox. O vaxtlar da keyfiyyətli musiqilər ifa etmişəm, bu günümüzdə də belə davam edirəm. Keyfiyyətli musiqiçi, xalq artisti Ənvər Sadıqovla çalışıram. Heç o imkan verməz ki, mən keyfiyyətsiz mahnı ifa edim.

– Özünüzdən razı və kaprizli biri olduğunuzu deyirlər. Kaprizlər ən çox nədə işə düşür?

– Mən çox tələbkar insanam. Hanısa bir işi sifariş edirəmsə, onun keyfiyyətli olmasını tələb edirəm. Əgər iş istədiyim dərəcədə alınmırsa, tələbkar olmağa başlayıram. Düşünürəm ki, buna ixtiyarım var. Sizə bir misal çəkim. Dostlarımla yemək yeməyə gedirik, onlar məni ələ salmağa başlayırlar. Deyirlər ki, bəsdir, az deyin! Mən də cavab verirəm ki, axı mən istədiyim yeməyi gətirməyiblər, necə iradımı bildirməyim? (gülür). Mədə, ağız mənimdir. Yeməyi gətirən adam yemək yemir, mən yeyirəm.

Ancaq belə şeylərdə kaprizlər işə düşür. Əslində, özümün rahatlığım üçün belə şeylər edirəm. Müsbət keyfiyyətli kaprizlərdir. Qaldı ki, özümdən razı olmağım barədə suala… Əgər bu qədər çalışıramsa, insan sevgisi qazanmışamsa, niyə özümdən razı olmayım? (gülür). Loru dildə desək, özümü göydən aparmaq, saymazlıq, diqqətsizlik, yalan kimi məsələlərdən özümü uzaq tuturam, sevmirəm. Özündən razılığın pis tərəflərini özümə götürmürəm.

– Bir çox sənətçilər deyir ki, şou-biznesdə dostluq yoxdur. Elə siz də az bu sahənin üzvləri ilə az dostluq edənlərdənsiz… Deyəsən, tək Röya ilə dostsuz.

– Elə bir Röyadır. Mən Röyanı tanıyanda çox müğənnini tanımırdım. Mən ona “müğənni dostum” demirəm- “dostum Röya…” Musiqi aləmində dostum yoxdur, ancaq adi həyatda xeyli sayda var. Onların adlarını bir-bir çəkə bilmərəm. Müğənnilər də var ki, xarakterimə uyğundur. İnsan daha çox ailəsi ilə maraqlanmalı, şəxsi işlərini görməlidir. Başqasını müzakirə etmək, onun hər addımından danışmaq mənə maraqlı deyil.

Elə insanlar seçirəm ki, mənim düşüncəmdə olsunlar. Mən dostumla oturub kiminsə arxasıyca danışmağı sevmirəm. İcazə vermərəm ki, hər hansı bir şəxs başqasının həyatını mənim yanımda müzakirə etsin. Bu səbəbdən də musiqiçilər, müğənnilər toplaşan məkanlarda, təqdimatlarda görsənmirəm. Mən belə şeylərin dəfələrlə şahidi olmuşam. Onlarda belə xüsusiyyətlər var, bu səbəbdən uzağam.

– Şou-biznes demişkən, əksər məşhurlar başqa ölkələrə müraciət edirlər, sənətlərini qonşu ölkələrdə davam etdirmək istəyirlər. Sizin də bir neçə mahnınız Türkiyədə sevilir. Ora getmək barədə fikirləşmirsiz?

– “İstəmirəm” demək olmaz. Kimsə belə şey desə inanmaram. Dedikdən sonra xaricə gedir, dediyi sözə peşman olur. Məsələn, siz jurnalistsiz. Azərbaycandan kənar, tutaq ki, BBC-dən iş təklifi gəlsə, gedərsiz. Hansı peşədə işləyirsənsə, işlə. Sənin gələcəyin bugünkü gündən yaxşı olacaqsa, niyədə getməyəsən? Mənə Türkiyədən seriala çəkilmək təklifi olsa, yaxşı qonorar versələr gedərəm, niyə getməyim? Təklif gəlsə, dəyərləndirmək olar. Ancaq özümü orada tanıtmaq üçün pullar tökülməsini qəbul etmirəm. Boş şeylərdir. Orada elə hegemonlar, nəhənglər var ki… Onlar qabağa getməyə imkan verməz…Ancaq tökdüyün vəasitin hesabına bir az populyarlaşa bilərsən.

– Bizə gələn xaricilər isə daha tez populyar olur…

– Bu bizim səhvimizdir. Onları qaldırıb başımızın üstünə qoyuruq. Vaxtı gələndə həmin adamlar bizlə elə rəftar edirlər ki, guya, biz onların ölkələrində qonağıq. Ona görə, musiqililərimizi öz ölkəmizdə yaxşı təmsil etməliyik. O zaman bizim ölkəyə gələn sənətçilər bizdən çəkinsinlər, görsünlər ki, burada istedadlı ifaçılar var. Biz bir az ehtiyatlı olaq. Amma onlar bura gələndə böyük limuzin, atəşfəşanlıqla qarşılaşırlar. Düzdü, onlar pul qazanırlar. Bizdə də belə istedadlar var. Bizimkilərin də konsertini başqa ölkələrdə təşkil edin.

Bizim milli musiqi yetərincə təbliğ olunur. Ancaq estrada janrlı mahnılarımız geridə qalır. Estrada dünya arenasına çıxacaq bir janrdır. Azərbaycan estradası var, sadəcə olaraq bizdə dəyişir. Ya mahnılar türk, ya rus, ya da amerikan istiqamətli yazılır. Başa düşmək olmur. ABŞ-da qulaq asanda deyir ki, bizim musiqilərə bənzəyir, necə bunu qəbul edim? Bizim estrada da məlum deyil ki, nə var, nə yox… Vaxtı ilə bu janrda yaxşı mahnılar səsləndiriblər. Onların indi yuxuya getmələri, hələ də oyanmamaları mənə çatmır. Düşünürəm ki, muğamla estradanın, folklorla estradanın qarışığı milli estrada sayıla bilər.

Bizim özümüzün estradası var, onu PR edənlər yoxdur. Mənim mahnılarımda da türk ritmlərə rast gəlmək olar. Ancaq o demək deyil ki, mən milli estradan uzaqlaşmışam? Mən Türkiyəyə gedib 5-6 ay qalıram. Ancaq qayıdanda “gəlirsən?” sualının yerinə “geliyormusun” deyə bilmərəm. Çünki, mən mahnılarımı Azərbaycan dilində ifa edirəm, dilimi unutmuram.

– Heç klip də çəkdirmirsiz. Ən sonuncu dəfə özünüz “selfie” ilə çəkdirdiyiniz ekran işini təqdim etmisiz…

– Bilirsiz niyə? Mənim üçün mənasız bir şey olub. İki dəqiqədən bir klip çəkdirmək mənasızdır. İndi klip çəkdirən yoxdur, hamı video-roliklər hazırladır. Yəni, klip filmə bənzər bir şeydir. Maşının qabağında oturub, mahnı oxuya-oxuya gəzmək klip çəkdirmək deyil, rolikdir. Əlbəttə, rolikin yaxşısını etmək lazımdır. Mən eksperimentlər etməyi sevirəm. Növbəti “selfie” klipim olacaq. Özümün istedadım var, tamaşaçı bunu qəbul edir çəkirəm, tamaşaçı qəbul etməsə daha çəkməyəcəm.

– Siz eyni zamanda fotolar çəkirsiz, rəssamlıqla da məşğul olmusuz…

– Rəssamlıqla məşğul olduğum üçün foto çəkmək həvəsim var. İnstaqramda səhifəm hələ də aktivdir. Sərgilərim olub, tablolarımı Bakı Cazz Mərkəzində təqdim etmişəm. Təxminən 10 il bundan qabaq olmuşdu. Düzdü, ağılsızlıq edib tablolarımı hamıya hədiyyə verdim. Özüm üçün birini belə saxlamadım. Əməlli-başlı yağlı boya ilə şəkillər çəkirdim. Professional şəkildə bu işlə məşğul olurdum. İndi dostlarımın evində həmin şəkilləri görürəm (gülür). Şəkil çəkməyi qolf oyununa bənzədirəm. Yağlı boya ilə kətanın üstündə şəkil çəkirsən. Sakitlik olmalıdır, yalnız təbiətin səsini eşitməlisən. Qolfda da belədir. Qol oyununda çubuqla topu vuranda sakitlik olmalıdır. Çox qəliz bir məsələdir. İdman və incəsənət sahəsində bunları çətin hesab etmək olar.

-Xaraktercə sakit insansız?

– Xeyr, deməzdim (gülür). Mahnılarda sakitliyim həyat tərzimdir. Başıma gələn hadisələri mahnılarda əks etdirirəm. Bu il mənim üçün o qədər yaxşı olmadı, mahnılar da belə gedəcək. Çalışıram ki, dinləyici ürəyimdəki narahatlığı, depressiyanı hiss etməsin.

– Siyasi fiqurlarla dostluq münasibətləriniz var. Sizi siyasi arenada görmək mümkün olacaq? Sənətçilərin siyasətlə məşğul olmağına münasibətiniz necədir?

– Bu barədə fikrim yoxdur, gələcəkdə də olmayacaq. Onun üçün də istedadlı doğulmaq lazımdır. Mən musiqiçi kimi durub düşünüm ki, deputat olmaq istəyirəm. Bu doğru deyil. Məşğul olan sənətçilərin demək ki, bu sahədə də istedadı var.

– Əlbəttə, şou nümayəndələri qalmaqallarla rastlaşa bilərlər. Ancaq sizdə qalmaqallar çox da qabardılmır. Bu sizin qarşı tərəfə cavab verməməyinizdən irəli gələ bilər?

– Abardılmış və böyük mübahisəli şəkildə qalmaqal yaşamağı sevməmişəm. Sadəcə olaraq müəyyən məsələlər olur, onlara aydınlıq gətirmək və tamaşaçıları çaşdırmamaq üçün açıqlamalar vermişəm. Kimsə söz atırsa, efirdən cavab vermərəm. Kamera arxasında istənilən adama sözümü deyərəm. Kiməsə söz deməkdən qorxmamışam, çəkinməmişəm. Boyundan, vəzifəsindən asılı olmayaraq.

Efir vasitəsiylə cavab verməmək mədəniyyətim və tərbiyəmdən irəli gəlir. Ailəm əziyyət çəkib, mənə tərbiyə verib. Mən onların verdikləri tərbiyəni niyə korlayım? Mədəniyyətsiz və düşüncəsiz insana cavab qaytarmaqla mədəniyyətsiz ola bilərəm. Tamaşaçıya özlərini elə göstərirlər ki, ay tamaşaçı, baxın, görün ki, mən necə də mədəniyyətsizəm. Niyə?

– Qalmaqal bir yana, şou-biznesdə ən çox xarici görünüşünüzə diqqət yetirən şəxslərdən birisiz. İradəniz də böyük çəki atmağınızdan irəli gəlir. Düzdü, siz çəkinizi dəfələrlə açıqlamısız. İndi vəziyyət necədir? İdmana meyillilik necə yarandı?

– Mənə vacib olan bir şeydir. Bugünkü gündə səhnənin özü bir mədəniyyətdir. Həm görünüşün, həm ifa etdiyin mahnı, həm də geyiminlə seçilməlisən. Bunların hamısı qaydasında olmalıdır. Tutaq ki, boyum 1.80 sm, çəkim isə 250 kq-dır. Sizcə bu səhnə görünüşünə uyğun bir şeydir? O demək deyil ki, mən fit olmalıyam, əzələlərim şişməlidi və s. Fitnes model arzusunda olmaq, idman yarışlarına çıxmaq fikrində deyiləm.

Bu mənim məşğuliyyətimdir. Sağlam həyatımı sürürəm, qidalanmam düzgün olub, rahat yatıram və ən əsası əsəbilərim sakitləşib. Boş-boş işlərlə məşğul olmuram, pis vərdişlərdən də uzağam. İnsana ziyan edəcək hər şeydən uzağam. Vaxtı ilə səhvlərim var idi, indi demək istəmirəm. Ancaq həmin səhvlər məni çox kökəldirdi. Artıq çəkimlə bağlı ətrafımda xoşagəlməz fikirlər deyirdilər.

Bu fikirlərdən sonra heç vaxt kompleksə düşməyən insan kompleks keçirməyə başladı. Geyim mağazalarına girirdim, istədiyim geyimi tapa bilmirdim, özümü çox pis hala salırdım. İndi isə rahat gedə bilirəm, hətta deyə bilirəm ki, bu geyim mənə çox böyükdür. Özümü çox rahat hiss edirəm. İnanıram ki, nümunəvi bir sənətçiyəm, hər kəsə stimul verirəm. Dərmansız, əməliyyatsız, həkim köməyi olmadan arıqladım, bu işi başa çatdırdım, 55 kq-dan azad oldum.

 

“Mənlə bağlı xoşagəlməz fikirlər deyirdilər” -  Abbas Bağırov
“Mənlə bağlı xoşagəlməz fikirlər deyirdilər” -  Abbas Bağırov
“Mənlə bağlı xoşagəlməz fikirlər deyirdilər” -  Abbas Bağırov
“Mənlə bağlı xoşagəlməz fikirlər deyirdilər” -  Abbas Bağırov
“Mənlə bağlı xoşagəlməz fikirlər deyirdilər” -  Abbas Bağırov
Əlaqə ü

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top