Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB – FOTO – Hurriyet.Az

Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB – FOTO

488760_61

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Dövlətimizin başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib. Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, son illər müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud məktəblər isə günün tələbləri səviyyəsində əsaslı təmir edilib. Təqdirəlayiq haldır ki, bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib. Yeni məktəblərin inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından vacib addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Hürriyət.Az  xəbər verir ki, Azərbaycan Prezidenti məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, tikintisinə ötən il başlanılan məktəb binasında inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Ümumi sahəsi 2900 kvadratmetrədək olan məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin bu rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.

Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.

———-

17:07

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də “Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumat verildi ki, bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq “Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq “Xocavənd” yarımstansiyasından yüksək gərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. “Qarabağ Taxıl” MMC “Səba” şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Şirkətin səhmlərinin 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. “Səba” MMC-yə, həmçinin “Səba” quş əti istehsalı müəssisəsi, “Biləsuvar Aqro” MMC-nin süd məhsulları zavodu, “Dəvəçi Broyler Dərin Emal” MMC aiddir.

Prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olundu.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına istehsal prosesi haqqında məlumat verdi.

Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlıq, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxdı.

Soya paxlasının emalından soya jmıxı, şrotu və soya yağı alınır, eləcə də soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35 faiz, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 faiz və 53-58 faiz təşkil edir.

“Səba” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Quliyev dövlətimizin başçısına məlumat verdi ki, müəssisə ölkədə yetişdirdiyi quşları öz yemi ilə bəsləyən yeganə şirkətdir. Burada yetişdirilən qarğıdalı və digər dənli bitkilər, soya məhsulu “Səba” quşlarının əsas yemini təşkil edir. 2013-cü ildən bu müəssisə “Səba” quşçuluq sahəsinin idxal olunan qarğıdalı yeminə tələbatını yerli məhsul hesabına tam aradan qaldırıb. Bu ildən böyük sahədə becərilməyə başlayan soya isə növbəti illərdə soyaya da idxal tələbini aradan qaldıracaq.

Diqqətə çatdırıldı ki, qarğıdalı və ondan alınan məhsullar üzrə respublikanın illik tələbatı təxminən 600 min ton, soyada isə 160 min ton təşkil edir. Bu məhsulların idxalının əvəzlənməsi üçün əlavə olaraq 50 min hektar qarğıdalı, 40 min hektar soya əkilməsinə ehtiyac var.

Sonra dövlətimizin başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də “Qarabağ Taxıl” MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış oldu.

İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Hazırda Şəmkir rayonunda ərazisi 543 hektar olan aqroparkda logistik mərkəz, çeşidləmə və qablaşdırma, istixana, bağçılıq, tingçilik və digər istehsal, həmçinin infrastruktur müəssisələri yaradılır. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bildirildi ki, təsərrüfatın yarandığı ilk illərdə 2250 hektar sahədə ərzaq buğdası əkilib və hər hektardan 5,5 ton olmaqla 12,4 min ton məhsul götürülüb. 2000 hektar sahədə isə qarğıdalı əkilib və hər hektardan 12 ton olmaqla 24 min ton yüksək keyfiyyətli məhsul istehsal edilib. Bu il növbəli əkinlə əlaqədar 250 hektar sahədə taxıl biçini aparılıb və hər hektardan 5,7 ton olmaqla 1,4 min ton taxıl götürülüb. İki min hektar dənlik qarğıdalı əkini sahəsində də biçin aparılıb. Hər hektardan 14 ton olmaqla 28 min ton məhsul əldə edilib. 1600 hektar soya əkini sahəsinin 1000 hektarında aparılan biçin zamanı hər hektardan 3,3 ton olmaqla 3,3 min ton məhsul istehsal edilib. Taxılı biçilmiş 160 hektar ərazidə isə silosluq qarğıdalı əkilib və yaxın günlərdə yaşıl kütlənin biçininə başlanılacaq. Təsərrüfatda dənlik qarğıdalıda məhsuldarlıq hər hektardan 140 sentnerədək, taxılda 60 sentnerədək və soya paxlasında isə 35 sentnerədək təşkil edir. Bundan əlavə, layihənin ikinci mərhələsi üzrə 1000 başlıq müasir heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 130-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Təsərrüfatda 20 adda 80 kənd təsərrüfatı texnikası və bütün infrastruktura malik özəl aqroservis yaradılıb. Buradakı təsərrüfat texnikası dünyanın aparıcı şirkətlərinin istehsalıdır və yüksək məhsuldarlıq əldə etməyə geniş imkan yaradır. İki hektar sahəsi olan aqroservisdə texniki təmir, yanacaqdoldurma, texnikanın yuyulması məntəqələri və digər infrastruktur var.

Təsərrüfat ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

———-

15:55

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini, görülən işləri əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yolun 22 kilometrlik hissəsinin açılışı 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə olub. Cari ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Bildirildi ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

———

15:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də “Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdövlətimizin başçısına məlumat verdi ki, “Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi artıq yekunlaşıb. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24,3 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Beyləqan şəhəri ilə yanaşı, rayonun 7 min nəfər əhalinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən 31 min 300 sakin faydalanacaq.

Bildirildi ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və mərhələlərlə həyata keçirilib. İlkin mərhələdə Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında ümumi məhsuldarlığı saniyədə 95 litr olan 5 subartezian quyusu qazılıb. Quyu ərazisində iki su anbarı, xlorator binası və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,6 kilometr uzunluğunda magistral kəmər çəkilib, şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan iki su anbarı da təmir edilib.

Qeyd edildi ki, layihənin ikinci mərhələsində Beyləqan şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulub. Bu məqsədlə 91,5 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılıb, 5846 ünvana birləşmə verilib və abunəçilər sayğacla təmin olunub. Şəhərdə 413 yanğın hidrantı quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib. Layihə çərçivəsində Beyləqan şəhərində 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,7 kilometr uzunluğunda kollektor inşa edilib. Şəhərin kanalizasiya şəbəkəsinə 5120 ünvanın qoşulması təmin olunub. Bununla da Beyləqan şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.

Bildirildi ki, layihəyə uyğun olaraq Beyləqan Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati bina da tikilib. 700 kvadratmetr ərazisi olan binada Heydər Əliyev guşəsi qurulub, Ulu Öndərin büstü qoyulub. Binada müasir standartlara cavab verən laboratoriya, konfrans zalı, işçi otaqları və kafe yaradılıb. Bundan başqa, burada mühasibatlıq, dispetçer, müştəri xidmətləri fəaliyyət göstərəcək. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur.

Qeyd olundu ki, yeni layihənin icrasına qədər Beyləqanda mövcud infrastruktur istehlakçıların tələbatını ödəməyə imkan vermirdi. Çünki şəhərin içməli su və kanalizasiya sistemləri 1960-1970-ci illərdə yaradılıb. Əlli kilometr uzunluğunda içməli su şəbəkəsi şəhərin bir hissəsini əhatə edib və istismar müddəti başa çatıb. Yeni layihənin icrasına qədər Beyləqan şəhərində yaşayan 15 min sakinin 8 minə qədəri və ya təqribən 53 faizi mərkəzləşdirilmiş qaydada qrafikli rejimlə su ilə təmin olunub.

Bildirildi ki, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə çərçivəsində 2015-ci ildə Göyçay şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ağdaş şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası başa çatmaq üzrədir. Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə isə tender keçirilib, podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıq görülür.

Sonra Prezident İlham Əliyev Beyləqan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

———-

14:59

Prezident İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

———-

14:54

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb.

———

13:26

Prezident İlham Əliyev Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə inşa olunan bu yollar regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisi dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama uyğun olaraq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bildirdi ki, üçüncü və dördüncü texniki dərəcəyə uyğun olaraq layihələndirilən bu avtomobil yolunun birinci hissəsinin uzunluğu 20,5 kilometrdir və Qayıdış-Yeni Yurd arasındakı məsafəni əhatə edir. İkinci hissə Yeni Yurd-Xocavənd arasındakı məsafəni əhatə edir və uzunluğu 2,5 kilometrdir.

Qeyd edildi ki, inşaat işləri zamanı yol boyunca müxtəlif diametrli 21 suötürücü boru tikilib. Yuxarı Mil kanalı üzərində uzunluğu 18 metr, eni 12 metr olan qəzalı vəziyyətdəki körpü əsaslı təmir edilib. Yol boyunca 144 müxtəlif yol nişanı və 38 göstərici lövhə quraşdırılıb.

Bu yolun tikilməsi nəticəsində yük və sərnişin daşınması xeyli yaxşılaşacaq.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

———

13:16

Prezident İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.

İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.

Qəsəbədə 120 yerlik uşaq bağçası da salınıb. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.

Dövlətimizin başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış oldu.

Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.

Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.

Dövlətimizin başçısı gənclərin çağırışaqədərki hazırlıq kabinetində Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbət etdi.

Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.

Məlumat verildi ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.

Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşdü.

Məcburi köçkün Elnarə Məmmədova və Rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev Füzulinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

———-

11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib.

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı ilə bağlı ciddi addımlar atılır. İndi paytaxtla yanaşı, regionlarda da mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturunun yaradılması isə, ilk növbədə, bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının yaradılması da ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev qalereya binasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Diqqətə çatdırıldı ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.

Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.

———-

10:59

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Dövlətimizin başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verildi. Bildirildi ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.

X X X

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.

Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.

Dövlətimizin başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu – xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir.

Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.

Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi – tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.

Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.

Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.

1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.

Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə – bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun.

x x x

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

X X X

Noyabrın 12-də Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının – xalça kombinatının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib.

Dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.

Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtla yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verməkdədir. Bu cür avtovağzal kompleksinin yaradılması isə rayonun inkişafında mühüm rol oynayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Leave a Comment

© Kral Media Group 2013 - 2016 | Bütün hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. | Bizimlə Əlaqə

Scroll to top